Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, onun qədim tarixə malik olması şübhəsizdir. Şəhərin yerləşdiyi Abşeron yarımadasının ərazisi əlverişli coğrafi mövqeyə malikdir. Yarımadanın əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində burada qədim insan məskənlərinin yaranması tamamilə qanunauyğun haldır.
Bakı, onun nefti və «yanar torpağı» qədim vaxtlardan onun hüdudlarından çox-çox uzaqlarda da məşhur idi. Bakı barədə orta əsrlərə aid yazılı mənbələrdə onun ətrafındakı «əbədi məşəllər» dönə-dönə xatırladılar. Bakı barədə ilk məlumatlardan birinə V əsrin əvvəllərində Qafqaz Albaniyası şəhərlərini təsvir etmiş Bizans əlyazmalarında «sualtı qayadan alov yüksələn» bir ərazinin adı çəkilir. IX əsrdən başlayaraq, ərəb coğrafiyaşünasları və tarixçiləri Bakını kiçik, lakin inkişaf etmiş bir feodal şəhəri kimi təsvir edirlər. Onların hər biri xüsusi qeyd edir ki, Bakıda ağ və tünd boz rəngli neft çıxarılır. Slavyan, Bizans, Çin, Venesiya, Hindistan tacirləri və bütün Yaxın Şərqdən gələn karvanlar Bakıdan neft aparırdılar.
IX əsrin ikinci yarısında Şirvanşahlar dövləti yaradıldı. Bu dövlət 1538-ci ilə qədər öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. 1538-ci ildə Səfəvi hökmdarı Şah Təhmasib Şirvanşahların hakimiyyətinə son qoydu və Bakı da daxil olamaqla bütün Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.
XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəli Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında ardıcıl müharibələrlə əlamətdar olmuşdur. Bu dövrdə Bakı əldən-ələ keçirdi. XVII əsrin 40-cı illərində mərkəzləşdirilmiş hakimiyyətin möhkəmlənməsi, dağıdıcı müharibələrə və feodal çəkişmələrinə son qoyulması şəhər həyatının tərəqqisinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis sikkələr buraxılır, xalçaçılıq, neft və duz alveri inkişaf edirdi. Bu dövrdə Bakının dövrəsində ikinci qala divarlarının çəkilişi başlandı.
XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi. Hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olur, ticarətin inkişafına şərait yaradırdı. Mirzə Məhəmməd xan admiral idi. O, malların və hərbi təyinatlı yüklərin daşınması üçün gəmiqayırma işlərinə rəhbərlik edirdi.
Bu dövrdə iqtisadiyyatın bir qədər canlanmasına baxmayaraq, XVIII əsrin axırlarında İran hökmdarı Ağa Məhəmməd şah Qacarın viranedici basqınları Azərbaycana çox böyük ziyan vurmuşdur. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Bakını ələ keçirdi və qarət etdi, lakin tezliklə onun ordusu Şirvanı tərk etdi.
Rusiya – İran müharibələri nəticəsində Bakı xanlığı Rusiyaya birləşdirildi. 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri imzalandı, Azərbaycan Araz çayı boyunca Rusiya ilə İran arasında bölündü. İşğal edilmiş torpaqlar, o cümlədən Bakı rəsmən Rusiyaya təhkim edilmiş oldu.
Neft hasilatı Bakı şəhərinin inkişafında böyük rol oynayırdı. Rusiyanın iqtisadiyyatı neftə tələbatı xeyli gücləndirmişdi. Bununla əlaqədar Bakı Rusiyanın sənaye cəhətdən inkişafına cəlb edilmişdi. Bakıda başlanmış neft ehtirasını yalnız Klondaykdakı qızıl ehtirasları ilə müqayisə etmək olar. Bu dövrdə Bakıdakı neft yataqlarının intensiv istismarı başlandı və əcnəbi neft şirkətlərinin kapitalının Bakıya güclü axını təmin edildi. Qısa bir vaxtda Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı.
1873-cü ildən etibarən Bakının Qara Şəhər adı ilə məşhur olan «neft kəməri» formalaşmağa başladı. XX yüzilliyin əvvəllərində dünyada çıxarılan bütün neftin yarısı Bakıda hasil edilirdi.
Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başlamışdı. Rusiyanın dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirdiyi daşımaların 40%-i Xəzər dənizi ilə aparılırdı. 1883-cü ildə Bakını Tbilisi ilə birləşdirən dəmiryolu açıldı, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxışı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tbilisi və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkilmişdi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi.
Beləliklə, XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş nəticəsində Bakı Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük və əhəmiyyətli şəhərə çevrilmişdi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Bu, bütün müsəlman şərqində ilk respublika idi. Bakı müstəqil Azərbaycan Demokratik Respublikasının paytaxtı oldu. Yeni dövlət hakimiyyəti orqanları formalaşmağa başladı.
1920-ci il aprelin 28-də XI Qızıl Ordu Hissələri Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil oldu. Azərbaycanda Sovet hakimiyyəti elan edildi.
İkinci dünya müharibəsi dövründə Bakı cəbhəni neftlə təmin edirdi. Faşizmin müvəffəqiyyətlə darmadağın edilməsi işinə Bakının tövhəsi çox böyük olmuşdur. Bakının neft ehtiyatları sovetlər ölkəsinin bütün neft ehtiyatlarının 75%-ə bərabər idi, təyyarə yanacağının 90%-i isə Bakı neftindən alınırdı. Bu dövrdə köhnə quyular bərpa olunub istismar edilirdi. Minlərlə neftçi cəbhəyə, vuruşmağa getmişdi. Mədənlərdə onlara qadınlar əvəz edirdi. SSRİ-nin mütəffiqləri tərəfindən İran ərazisindən keçməklə göndərilən hərbi və humanitar yardımın təmin edilməsində Bakı ən mühüm nəqliyyat qovşağı idi.
Bakı keçmiş SSRi-nin ən iri sənaye mərkəzlərindən birinə çevrilir. Bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır.
Bakı özündə 11 inzibati rayonu, 47 qəsəbəni birləşdirir. Bakı əhalisinin sayı 2012-ci il 1 yanvar tarixinə 2 122,3 min nəfər təşkil etmişdir. Şəhərin ərazisi 2200 kv. km təşkil edir.