Bakı ilə arasında məsafə:384 km
Əhalisi:59,1 min nəfər
Nə ilə getmək olar:Avtonəqliyyat: Bakı-Göygöl, Bakı-Gəncə avtobusları
Göygöl rayonu Respublikanın qərbində Kiçik Qafqaz dağlarının ətəyində, Gəncədən bir qədər cənubda yerləşir. Göygöl şəhərinin ətrafında meşələr, dağlar və Yeddi gözəl göl var. Bu rayonun ən uca zirvəsi Murov dağ silsiləsinə aid Camış dağıdır (3724 m). Rayonun iqlimi mülayim- isti iqlimdir. Quşqara və Gəncəçay çayları bu rayonun ərazisindən keçir. Burada heyvan və balıq ovu həvəskarları üçün ideal şərait var.
Təbiət qoynunda dincəlməyi xoşlayanlar yayda buraya gəlib yerli sakinlərin mənzillərini kirayə götürür, maraqlı ekskursiyalara və yürüşlərə çıxırlar. Təsadüfi deyildir ki, Mixaylovka, Yeni Zod və Toğana kəndləri bir növ turist mərkəzlərinə çevrilmişdilər.
Bu turist marşrutları çox populyardır:
1. Göygöl – Aşıqlı – Hacıkənd – Göygöl qoruğu marşrutu boyunca səyahətə çıxan turistlər müqəddəs Mariya kilsəsi kimi tarixi abidəyə tamaşa edə bilərlər. Bu marşrut Göygöl qoruğunda başa çatır. Buranın gözəl təbiəti, mənzərəli meşələri, şəffaf bulaqları, zəngin faunası var.
2. Göygöl – Topalhəsənli – Zurnabad – Şəhriyar. Marşrutun uzunluğu 18 km-dir. Bu marşrutda ağ körpü (XII əsr), tunc və dəmir dövrlərinə aid kurqanlar var. Zurnabad və Şəhriyar kəndlərində yerli sənətkarların toxuduğu əl xalçaları ala bilərsiniz.
3. Göygöl – Köşçü – Üçbulaq (marşrutun uzunluğu 9 km).
4. Göygöl – Quşqara – Balçılı. Marşrutun uzunluğu 15 km-dir. Balçılı kəndində qədim qüllə, Quşqara kəndində motel var. Bu marşrutlar turizmlə müstəqil olanlar arasında daha çox məşhurdur.
Rayon mərkəzi Göygöl şəhəri XIX əsrdə burada məskunlaşdırılmış alman köçkünlər tərəfindən qədim Xanlıqlar kəndinin yerində salınmışdır və Yelenendorf adlandırılmışdır. Stalin dövründə almanlar Orta Asiyaya sürgün edilmişdir. Lakin onların bu şəhərdə olmasının əlamətləri – düz küçələr, ağacdan tikilmiş binalar və kilsə hələ də qalır. Göygöl şəhəri Gəncə dəmiryol vağzalından 15 km məsafədə yerləşir. Şəhərdə tarix muzeyi, musiqi məktəbi və kinoteatr var. Buraya gələnlər şəhərin özündən yeddi əsr qədim tarixə malik olan körpüyə də tamaşa edə bilərlər. Rayon mərkəzindən 40 km məsafədə Göygöl qoruğu yerləşir. Şəhərə xas olan vurnuxmadan uzaq olan təbiəti, meşələrin gözəlliyi, quşların cəh-cəhi, gül-çiçəklərin ətri adamı heyran edir. Göygöldən «Göygöl» qoruğuna mikroavtobuslar gedir. Burada çoxsaylı kiçik restoranlar, kafe və qəlyanaltılar var.
Rayondakı tarixi abidələrə misal olaraq Sarıqaya kəndində XII əsrə aid qüllənin Zurnabad kəndində XII əsrə aid qalanın, Göygöl şəhərində XIX əsrdə tikilmiş lüteran kilsəsinin, Şəhriyar kəndində XVII tikilmiş «Qabriel kilsəsinin», Topalhəsənli kəndində XII əsrdə tikilmiş «Ağ körpü»nün, Gəncəçay üzərindən salınmış «İkigözlü körpü»nün (XVI əsr) və «Üçgözlü körpü»nün (XIX əsr) adlarını çəkmək olar. Rayon ərazisində tunc və dəmir dövrlərinə aid arxeoloji tapıntılar da məlumdur.
Şəhriyar kəndində əl ilə toxunmuş xalça məmulatı ala bilərsiniz.