Bakı ilə arasında məsafə:104 km
Əhalisi:15,3 min nəfər
Nə ilə getmək olar:Avtonəqliyyat-> Bakı –Xızı avtobusları.
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.
Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir.
Azərbaycanın ən səfalı guşələrindən biri olan Altıağac da Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.
Rayonda tarixi abidələr çoxdur. VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi. Qüllə rayon mərkəzindən 9 km aralıdır. Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları. Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi. V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur. Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.
Rayonun inzibati mərkəzi Xızı şəhəridir. Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində Cəfər Cabbarlının çox böyük xidmətləri olmuşdur. «Azərbaycanfilm» kinostudiyası onun adını daşıyır.