Bakı ilə arasında məsafə:311 km

Əhalisi:98,8 min nəfər

Nə ilə getmək olar:Avtonəqliyyat: Bakı – Mingəçevir avtobusları – 5 saat; Qatar: Bakı – Mingəçevir – 7 saat, Bakı – Qazax, Bakı – Ağstafa.

Gənc sənaye şəhəri Mingəçevirin əsası XX əsrin 40-cı illərinin axırlarında – 50-ci illərin əvvəllərində qoyulmuşdur. Mingəçevir adını türk mənşəli Mingiçövr adlı sərkərdənin adı ilə əlaqələndirirlər. Ərəb tarixçisi Təbarinin yazdığına görə, IX əsrdə, ərəb xilafətinin hökmranlığı dövründə Azərbaycanın müvəqqəti hakimi olmuş sərkərdə Mingiçövr indiki Mingəçevirin ətrafında özü üçün iqamətgah düzəltmiş və az sonra xilafətdən uzaqlaşmışdır. Lakin xilafət qoşunları onu məğlub edərək əsir tutmuş və zindana salmışdır. Sonradan bu sərkərdənin şərəfinə həmin məntəqə Mingiçövr adlandı. Bu barədə başqa bir fərziyyəyə görə isə şəhərin adının mənası: «geri qayıt, daha yol yoxdur» deməkdir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi özünün «Səyahətlər» adlı kitabına yazırdı: «Qədimdə Kür çayının sağ sahilində Mingəçevir adlı yer olmuşdur».

Boz dağın ətəklərində ensiz yarğandan çıxan Kür çayı təmiz Mingəçevir ətrafında Kür – Araz ovalığına can atır. İndi çayın vadisi su elektrik stansiyasının bəndi ilə kəsilmişdir. Yarğanın yerində isə böyük Mingəçevir su anbarı yaradılmışdır. Onun sularının köməyi ilə quraqlıq ərazidə yerləşən torpaqlar suvarılır.

Mingəçevir şəhərinin ətrafında aparılmış arxeoloji qazıntılar məlum olmuşdur ki, Sudaqılan şəhər yerinin ərazisində böyük bir kənd varmış. Burada qədim məbədin qalıqları aşkar edilmişdir. Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşunun təsviri çəkilmiş iri daş kapitel böyük marağa səbəb olur. O, sarımtıl rəngli yumşaq daşdan yonulmuş, yuxarı hissəsində alban əlifbası ilə yazı həkk edilmişdir. Burada tapılmış yunan, Roma və Sasani sikkələri həmin tikililərin V – VI əsrlərə aid olduğunu söyləməyə imkan verir.

Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı arxitekturaya malik müasir binalar, o cümlədən, böyük bir təzə məscid vardır. Kür çayının yaxınlığında tikilmiş restoranlar və çayxanalar qonaqların istirahəti üçün hər cür şəraitə malikdir.

Şəhərin yaxınlığında süni göl və kiçik bir çimərlik var. Kürün sahilində Olimpiya avarçəkmə bazası yerləşir.

Leave a Comment

Your email address will not be published. All fields are required.