Bakı ilə arasında məsafə:126 km
Əhalisi:126,5 min nəfər
Nə ilə getmək olar:Avtonəqliyyat: Bakı – Salyan avtobusları Qatar: Bakı – Astara – 6 saat.
Salyan rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Kür çayı bu rayonun ərazisindən keçir. Salyan düzənliyi bir sıra xüsusiyyətlərinə görə Muğan düzünə oxşayır.
Salyan rayonu – Lənkəran – Astara zonasının «qapısı» hesab edilir. Çünki Bakını Azərbaycanın cənub rayonları ilə əlaqələndirən dəmir yolu və şosse yolu məhz Salyan rayonun ərazisindən keçir. Rayon mərkəzindən 5 km aralıda yerləşən Babazənin palçıq vulkanından çıxan müalicəvi əhəmiyyətli palçıq çoxlarını buraya cəlb edir.
Rayonun inzibati mərkəzi – Salyan şəhəri Azərbaycanın şimal və qərb şəhərlərini cənub şəhərləri ilə və Yuxarı Şərq regionu ölkələri ilə birləşdirən qədim karvan yolunun kənarında salınmış şəhərdir. Bu şəhərin adı «sal» qəbiləsinin adından götürülmüşdür. Deyilənə görə bu şəhər həmin qəbilənin nümayəndələri tərəfindən salınmışdır. Kür çayı bu şəhərin içindən burula-burula axıb keçir.
Rayonun ərazisində mövcud olan memarlıq abidələrinə misal olaraq, Qumlavar körpüsünü (XII əsr), Qubalı Baloğlan kəndindəki Xanağah tikililər kompleksini (XIX əsr) göstərə bilərik. Salyan şəhərindəki «Təndirxana» karvansarayı isə bizim zəmanədə şərq üslubunda tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir. Qonaqlar burada qədim Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olurlar. Bu yeməklərin hazırlanma reseptləri rayonun bir sıra yaşayış məntəqələrində qayğı ilə qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Onu da qeyd edək ki, istər milli xörəklərin, istərsə də həmin xörəklərin yanında verilən çərəzlərin hazırlanması hər yerdə spesifik xüsusiyyətlərə malikdir.